title

AĞIZ BOŞLUĞUNUN ABSESİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Ağız boşluğunun absesi – irinin ağız boşluğu toxumalarında ocaqlı toplanması ilə xarakterizə olunan kəskin iltihabi xəstəlikdir. Ümumi vəziyyətin pisləşməsi və bədən temperaturunun yüksəlməsi fonunda selikli qişanın məhdud bərkiməsi və şişkinliyi, toxunma zamanı ağrı müşahidə olunur. Ağız boşluğunun absesinin diaqnostikası həkim-stomatoloq tərəfindən toxumaların vəziyyətinin dəyərləndirilməsinə əsasən aparılır. Müalicə cərrahi müdaxilə (irinliyin yarılması) və iltihab əleyhinə dərman terapiyasının aparılmasından ibarətdir.

Ağız boşluğunun absesi diş əti, dil, damaq və ya yanaqların lokal irinli iltihabıdır. Patologiya cərrahi-stomotologiyada ən geniş yayılmış problemlərdən biridir; pasientin yaşından və cinsindən asılı olmayaraq təzahür edir. Xəstəlik, adətən, diş-çənə patologiyasının ağırlaşması nəticəsində yaranır, lakin onun inkişafı həmçinin selikli qişanın tamlığının pozulması və ya ümumi infeksion xəstəliklər zamanı mümkündür. Müalicə vaxtında və adekvat şəkildə aparılmadıqda ağız boşluğunun absesi xroniki formaya keçə, həmçinin fleqmona və sepsis kimi ciddi ağırlaşmalar törədə bilər. Buna görə də ağız boşluğunun absesi zamanı özünü müalicə ilə məşğul olmaq qadağandır. Fəsadların qarşısını almaq məqsədilə xəstəliyin ilkin əlamətləri müşahidə olunarkən dərhal mütəxəssisə müraciət olunmalıdır.